Naxçıvan

haqqında

map

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. «Naxçıvan» sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə «Naxçıvan» «Nəqşi -cahan», yəni «dünyanın naxışı», «dünyanın bəzəyi» sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə «Naxçıvan» toponimi Nuh peyğəmbərlə, daha doğrusu «dünya tufanı» ilə bağlı olub «Nuhçuvan» - «Nuh tərəfdarlarının məskəni», «Nuhun diyarı» deməkdir. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir.Naxçıvan sözü «Nakçuana/Naxçuan» - «möcüzəli və yaxşı sular diyarı», yaxud «müalicəvi mineral sular ölkəsi» kimi də izah olunur.Naxçıvan dünyanın ən qədim şəhər məskənlərindən biridir. Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu haqda məlumat vermişdir. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı vardır.