Şəhid ailələri üçün bayram tədbiri təşkil olunub

...

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid ailələri üçün bayram tədbiri təşkil olunub.  Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev şəhid ailələrini salamlayaraq onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bildirib ki, Həmrəylik Günü bizim birliyimizi, xalqımızın gücünü və milli iradəsini ifadə edən ən önəmli bayramlardan biridir. Bu gün biz yalnız dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın birliyini qeyd etmirik, həm də Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini dərin hörmətlə yad edirik. Məhz onların fədakarlığı sayəsində bu həmrəylik ruhunu qoruyur və daha güclü Azərbaycan üçün çalışırıq. 

"2025-ci ilə sayılı günlər qalıb, biz yenidən bir-birimizə dəstək olmaq, milli dəyərlərimizi qorumaq və gələcəyə ümidlə baxmaq üçün birləşirik. İnanıram ki, qarşıdan gələn yeni il həm ölkəmiz, həm də hər bir ailəmiz üçün rifah və xoşbəxtlik gətirəcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı bizim qəlbimizdə əbədi yaşayacaq", – deyə icra başçısı qeyd edib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri  Mais Gülməmmədov çıxışında bildirib ki, dövlətimiz hər bir şəhid ailəsini qayğı ilə əhatə edib, onların xatirəsi hər zaman anılır, yaşadılır.  Azərbaycan Vətən müharibəsində öz dəmir ürəkli oğullarının sayəsində zəfər qazanıb. Bu gün həm Vətən uğrunda canını fəda edən oğullarımızın nisgilini, həm də qalibiyyətin qürurunu yaşayırıq. Birliyimiz bərabərliyimiz daim olsun.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadiqovun  anası Gülşad Rüstəmova çıxış edərək şəhid ailələri adından  tədbirin  təşkil olunmasında əməyi keçən hər kəsə təşəkürünü bildirib. Qeyd edib ki, Azərbaycan xalqı tərəfindən mübariz oğul və qızların şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, əziz xatirələri uca tutulur. 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev şəhidlərin şəklinin əks olunduğu  xalçaları ailələrinə təqdim edib.

Bədii hissədə vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Bülbül QULİYEVA