Qazilər və ailələri üçün bayram tədbiri təşkil olunub
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qazilər və ailələri üçün bayram tədbiri təşkil olunub. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev şəhid ailələrini salamlayaraq onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Bildirilib ki, 31 dekabr xalqımız üçün yalnız bir bayram deyil, həm də milli birlik və həmrəylik ruhunun təcəssümüdür. Bu gün bütün dünyada yaşayan azərbaycanlıları vahid məqsəd ətrafında birləşdirən gündür. Bizim həmrəyliyimizin, birliyimizin və gücümüzün əsasını, məhz sizin kimi qəhrəmanlarımızın şücaəti təşkil edir. İnanırıq ki, qarşıdakı illər həm dövlətimiz, həm də vətəndaşlarımız üçün daha parlaq və uğurlu olacaq. Biz birlikdə Azərbaycanımızın daha da güclənməsi, inkişaf etməsi üçün çalışacağıq. Qazilərimizə isə hər zaman dəstək olmaq, onların ehtiyaclarını qarşılamaq, həyatlarını daha da yaxşılaşdırmaq bizim borcumuzdur.
Tədbirdə qazilərə hədiyyələr təqdim olunub. Tədbirin bədii hissəsində Naxçıvan şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivinin, Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Sonda qazi övladlarına və tədbirin digər balaca iştirakçılarına yeni il hədiyyələri təqdim olunub.