Elmi əsərlər
İctimai və humanitar elmlər seriyası
Məqalədə 1831, 1832-ci illərdə siyahıya alınmış Naxçıvan əyaləti və Ordubad dairəsi haqqında verilmiş məlumatlar ümumiləşdirilmiş, müqayisəli təhlillər aparılmış, həmin kameral təsvirlərdə həm Naxçıvanın, həm də Ordubadın tərkibində olan şəhər və mahalların göstəriciləri tədqiqata cəlb edilmişdir. Məlumdur ki, çar Rusiyası tərəfindən həmin ərazilər tutulduqdan sonra əhali siyahıya alınmış və vergi verən əhali dəqiqləşdirilmişdir. Bunun üçün həmin siyahıyaalmada demoqrafik göstəricilər, ailələr və onların tərkibi, qohumluq əlaqələri, vergiyə cəlb olunmalı insanlar haqqında dolğun məlumatlar verilmişdir. Bütün bunlarla yanaşı, şəhər və mahallar, onların ərazisi, sərhədləri, coğrafi mövqeyi, iqlimi, suları, ərazidə olan tikililər, tayfalar, yerli və gəlmə adamların sayı, istehsal xarakterli müəssisələr, sənətkarlıq sahələri, şəhər məhəllələri haqqında olan məlumatlar da tədqiqata cəlb edilmiş, həmin ərazilər haqqında verilmiş məlumatlardan bəhs edilmişdir.
Naxçıvan Muxtar Respublikası Tarixindən
Əsərdə «sosializm quruculuğu dövrü» adlanan illərdə Naxçıvan diyarında baş vermiş mürəkkəb proseslərdən, o cümlədən, Naxçıvan Muxtar Respublikasının yaranmasından, şəhər və kəndlərdə dinc həyatın başlanmasından, xalq təsərrüfatının bərpası illərində və beşilliklər zamanı Naxçıvan MR-də iqtisadiyyat və mədəniyyətin dirçəldilməsi üçün həyata keçirilən tədbirlərdən, 1941 — 1945-ci illər Almaniya — SSRİ müharibəsində Naxçıvanın iştirakından, habelə müharibədən sonrakı illərdə Naxçıvan MR-in iqtisadi və mədəni həyatında baş vermiş dəyişikliklərdən tariximizə yeni münasibət baxımından bəhs olunur. Əsər Naxçıvan MR tarixi ilə maraqlanan mütəxəssislər, müəllimlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.