Komitə tərəfindən “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi icra olunur

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti dəfə “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi çərçivəsində Şahbuz rayonunun Badamlı qəsəbəsində uzunömürlü, nümunəvi İsmayılovlar ailəsi ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları nümunəvi ailənin üzvləri, 52 ildir, evli olan İsmayılov İsmayıl Talıbəli oğlu və İsmayılova Səmayə Vəli qızının qonağı olublar.

Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Mirzəyev nümunəvi İsmayılovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 52 ili tamam olan uzunömürlü ailə başçısı, zəhmətkeş İsmayıl İsmayılov halal zəhmətlə ailəsinin qayğısına qalaraq 4 övlad böyüdüb, 6 nəvə sahibidir. Onun ömür-gün yoldaşı Səmayə İsmayılova qayğıkeş ana kimi vətənpərvər övladlar yetişdirib. Bu ailənin bir övladı Fərmayıl İsmayılov Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub.

Uzunömürlü ailənin övladı Seymur İsmayılov valideynlərinin onlara verdiyi tərbiyədən və necə nümunə olmaqlarından, eləcə də boya-başa çatmalarından danışıb, dövlətimizin nümunəvi ailələrə və ailə dəyərlərinə göstərdiyi qayğını minnətdarlıq hissi ilə qeyd edib. 

Uzunömürlü ailənin üzvləri, şəhid valideynləri İsmayıl İsmayılov və Səmayə İsmayılova nümunəvi ailə olmaqla milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda Komitə tərəfindən İsmayılovlar ailəsinə hədiyyələr təqdim edilib.