Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
20 dekabr 2024-cü il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli, AMEA Ədəbiyyat İnstitutunun və 31 nömrəli tam orta məktəbin müəllim kollektivi, şagirdləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olub. Bu münasibətlə 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Tədbirdə filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Şeyx Məhəmməd Rasizadə” adlı kitabının təqdimatı baş tutub. Müəllif qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunan kitabda din və maarif xadimi Şeyx Məhəmməd Rasizadənin həyatı, elmi, ədəbi, pedaqoji və publisistik fəaliyyəti araşdırılıb. Giriş və on fəsildən ibarət olan tədqiqatda “Mətbuatdan və arxivlərdən tapılan məqalə və şeirlər”, “Ədəbiyyat”, “Foto-albom” bölümləri də yer alıb.
Sonra kitabxananın əməkdaşı Əsmər Ağalar “Naxçıvan Muxtar Respublikası – 100” adlı prezentasiya təqdim edib, Naxçıvan diyarının tarixi, elm, mədəniyyət, tarixi abidələri, memarlığı və sair haqqında ətraflı məlumat verib.
Tədbirdə C. Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin müəllimlərinin ifasında “O Naxçıvandır”, “Xudayar Təsnifi (Vətən yaxşıdır)” mahnılarının trio ifası təqdim edilib, məktəblilər tərəfindən isə Naxçıvan Muxtar Respublikasına həsr olunan şeirlər səsləndirilib.
Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub.