Naxçıvanın qürurla yazdığı 100 illik tarixə səyahət
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamı qədim diyarın zəngin tarix və mədəniyyətinə, dövlətçilik tariximizdə tutduğu mövqeyə ölkə başçısı tərəfindən verilən ən dəyərli qiymətdir. Bu həm də 5000 illik şəhərsalma tarixini özündə yaşadan doğma Naxçıvanımızın muxtariyyət bayramıdır. 1924-cü il fevralın 9-da olduqca çətin ictimai-siyasi hadisələrin fonunda qazanılan muxtariyyət statusu ulu yurdun bir əsrdir ki, təhlükəsizliyinin qarantıdır.
Nuhçıxan eşqdir, əfsanədir, ulu Fəzlin, Nəsiminin ruhudur, yenilməz Əlincədir, sirlərlə dolu Haçadağdır və ən nəhayət, dünya sivilizasiyasının beşiyidir. Azərbaycanın döyünən ürəyi olan bu qədim torpağın yubileyinin qeyd olunması ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncamda da deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində öz xüsusi yeri olan mütəfəkkirlərin, filosofların, ustad qələm sahiblərinin Vətənidir. Naxçıvan xalqımıza Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib. Xüsusilə qeyd etməliyik ki, Naxçıvan Azərbaycanın müasir inkişaf və dövlətçilik epoxasının müəllifi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Vətənidir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müasir dövlətçilik tariximizin parlaq səhifəsidir. Naxçıvan ölkəmizin ən təlatümlü dövründə – 1990-cı ildə böyük oğlu Heydər Əliyevə qucaq açan bir məmləkətdir. Naxçıvan Ulu Öndərin 1990-1993-cü illərdə Ali Məclisin Sədri işlədiyi illərdə düşməndən qoruduğu, blokadan ən çətin günlərinin yaşanılmasına baxmayaraq, özünü anası Azərbaycandan heç vaxt ayrı düşünməyən igidlər oylağıdır. Məhz bu illərdə Böyük Xilaskar Naxçıvanda Azərbaycan dövlətçiliyinin təməl daşlarını atdı, ölkəni düşdüyü bəlalardan xilas etmək üçün üzərinə böyük bir missiya götürdü. Qonşu ölkələrlə iqtisadi və siyasi əlaqələr quruldu, ərzaq və enerji təhlükəsizliyi sahəsində çox mühüm addımlar atıldı.
Müstəqillik illərində isə Naxçıvan Ulu Öndərin müəllifliyi, ölkə Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti sayəsində 5000 illik şəhərsalma tarixinin, 100 illik muxtariyyət dövrünün ən parlaq və şanlı günlərini yaşadı. Bu dövrdə Azərbaycan Prezidentinin imzaladığı Dövlət proqramlarının, ayrı-ayrı vaxtlarda ayırdığı maliyyə vəsaitlərinin nəticəsi kimi Naxçıvan böyük inkişaf yolu keçib, respublika üzrə istehsal edilən ÜDM-də muxtar respublikanın payı əhəmiyyətli dərəcədə yüksəlib. Habelə ötən 20 ildə Prezident cənab İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji problemi tamamilə aradan qaldırılıb. Bu gün Naxçıvanın bütün şəhər, qəsəbə və kəndləri başdan-başa yenidən qurulub, məktəblər tikilib, yollar salınıb, körpülər inşa edilib, iqtisadiyyatda özəl sektorun dinamik inkişafı diqqətdə saxlanılıb.
Bütün bunlar qədim diyar üçün son hədd hesab edilmir. Qarşıda Naxçıvanı daha parlaq və şanlı günlər gözləyir. Müzəffər liderin müəllifi olduğu Zəngəzur dəhlizinin açılması ilə muxtar diyar anamız Azərbaycana qovuşmaqla yanaşı, həm də blokadanı yaracaq, dünyaya açılacaq, Avropa və Asiyanı birləşdirən logistik mərkəzə çevriləcək. Bu, daha bir strateji hədəf, yeni iş yerləri, güclənən iqtisadiyyat və güclü sosial rifah deməkdir.
Onu da qeyd etmək lazımdır ki, qədim Azərbaycan bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması isə Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsinə çevrilmişdir.
XX əsrin 20-ci illərində Naxçıvan diyarı çox çətin və mürəkkəb hadisələrlə qarşılaşmış, Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşmüş, məkrli düşmənimiz olan erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atmışlar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməmiş, onu qoruyub saxlamış və Azərbaycanla birləşməsinə nail olmuşlar.
O dövr hadisələrini çətinləşdirən ən mühüm cəhətlərdən biri də bir sıra iri dövlətlərin tutduqları mövqe, Naxçıvan diyarının Ermənistana verilməsi üçün müxtəlif yollardan istifadə etmələri idi. Bu dövlətlərdən biri general-qubernatorluq yaratmaqla, başqa birisi bitərəf, yaxud neytral zona formalaşdırmaqla, üçüncüsü isə torpaqları güzəşt etməklə Ermənistanı sovetləşdirmək yolunu tuturdular. Ermənilərin iddiaları bu idi ki, Cənubi Qafqazda inzibati ərazi bölgüsü aparılarkən onlara az pay düşmüşdür. Lakin onlar başa düşmək istəmirdilər ki, ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılardır.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getmişdir. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə bağlıdır. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir ortaq sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar adlandırıldı. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyası və sonrakı konstitusiyalarla təsbit edildi.
Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə – 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirmişdir. Dahi rəhbər dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə, Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş edərək Ermənistanın ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyətə uğramasına nail olmuşdur.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir...”
Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlandı və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Ulu Öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər Naxçıvan Muxtar Respublikasını inkişaf etmiş bir diyar kimi görmək istəyirdi. Bununla əlaqədar Prezident cənab İlham Əliyev demişdir: “Ulu Öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm...”.
Dövlət başçısının ötən dövrdə muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar qədim diyarın hərtərəfli inkişafına zəmin yaratmışdır. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində Naxçıvanın bütün yaşayış məntəqələri abadlaşdırılmış, avtomobil yolları yenidən qurulmuş, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılmış, bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl enerji”dən istifadənin payını artırmışdır. Görülən kompleks işlərin nəticəsidir ki, Naxçıvan enerji idxal edən bölgədən enerji ixrac edən diyara çevrilmişdir.
Bütün sahələrdə olduğu kimi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində də islahatlar davam etdirilir. İdarəetmə sahəsində, həmçinin əhaliyə müxtəlif xidmətlərin göstərilməsində müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə davamlı inkişafın təmin edilməsi üçün mühüm tədbirlər görülmüşdür.
Qədim, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan diyarımızın inkişafında bundan sonra da çox ciddi yeniliklər olacaqdır. Məlum olduğu kimi, Naxçıvanda azad iqtisadi zonanın yaradılması, yeni bərpa olunan enerji stansiyaları və digər təyinatlı obyektlər tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, ölkəmizin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər, bütövlükdə, idarəetmə fəaliyyətinə, o cümlədən yerli özünüidarəyə də müsbət təsir göstərmiş və bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər bu gün də həyata keçirilməkdədir. Bu tədbirlərin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər vermək və digər formalarda həyata keçirirlər. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra muxtar respublikamızda da yerli özünüidarənin həyata keçirilməsi məqsədilə bələdiyyələr yaradılmış və müvafiq ərazilərdə fəaliyyət göstərirlər. Muxtar respublikamızda yerli özünüidarə orqanlarının inkişafı üçün zəruri hüquqi, təşkilati şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi onu göstərir ki, qədim diyarımız Azərbaycan Respublikasının tərkibində daha böyük tərəqqiyə və inkişafa doğru inamla irəliləyir. Əlbəttə ki, bundan sonra da yeni mərhələdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil və qüdrətli dövlətimiz daha uca zirvələrə yüksələcək, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda daha möhtəşəm işlər görüləcəkdir. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.