Naxçıvan Muxtar Respublikası 100 il
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.
XX əsrin 20-ci illərində Naxçıvan çox çətin və mürəkkəb hadisələrlə qarşılaşıb, Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşüb, məkrli düşmənimiz olan erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atıblar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməyib, onu qoruyub saxlamış və Azərbaycanla birləşməsinə nail olublar.
XX əsrin 20-ci illərində bolşevik Rusiyasının da məqsədi başqa dövlətlər kimi, Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparmışlar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu.
Ermənistanın Naxçıvana olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəlir və erməni özbaşınalığının qarşısını almaq üçün yerli əhaliyə kömək göstərir. Lakin Birinci Dünya müharibəsində məğlub olduqlarına və Mudros müqaviləsinin şərtlərinə görə, türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli olur.
Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz-Türk Cümhuriyyəti adlı respublika yaradırlar. Qısa müddətdə 20 tabordan, 500 nəfərlik süvari alaydan ibarət hərbi qüvvələr yaradılır.
Naxçıvanın müdafiəsində Araz-Türk Cümhuriyyətinin qüvvələri ilə yanaşı, Cəfərqulu xan, Rəhim xan, III Kalbalı xan, Kərim xan, Bəhram xan və yerli ziyalıların çox böyük xidmətləri olur.
Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvan general-qubernatorluğunu yaradır. İlk əvvəl general-qubernator Bəhram xan Naxçıvanski, sonra isə Səməd bəy Cəmillinski olur.
1920-ci ilin aprelində Azərbaycanda bolşevik hakimiyyəti yaradılır. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edilir və Hərbi İnqilab Komitəsi yaradılır.
1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan SSR ilə Türkiyə arasında Rusiya nümayəndəsinin iştirakı ilə imzalanan Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqləyir və onun sərhədlərini qəti surətdə müəyyənləşdirir. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir – bunlar Türkiyə, Azərbaycan, Ermənistan hökumətləri idi.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr gedir. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar adlandırılır. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul edir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyası və sonrakı konstitusiyalarla təsbit edilir.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə – 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirir. Dahi rəhbər dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə, Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etməklə Ermənistanın ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyətə uğramasına nail olur.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu olur. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir...”
Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanır və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilir. Konstitusiyanın birinci maddəsində göstərilir: “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir”.
Ulu öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dahi rəhbərin bu qədim yurd yerinə qayğısının ifadəsi idi və Naxçıvan Muxtar Respublikasının 80, 85, 90, 95 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər Naxçıvan Muxtar Respublikasını inkişaf etmiş bir diyar kimi görmək istəyirdi. Bununla əlaqədar Prezident cənab İlham Əliyev deyib: “Ulu Öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm...”
Dövlət başçısının muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar qədim diyarın hərtərəfli inkişafına zəmin yaradıb. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində Naxçıvanın bütün yaşayış məntəqələri abadlaşdırılıb, avtomobil yolları yenidən qurulub, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb, bərpa olunan enerji mənbələrindən istifadə yaşıl enerjidən istifadənin payını artırıb. Görülən kompleks işlərin nəticəsidir ki, Naxçıvan enerji idxal edən bölgədən enerji ixrac edən diyara çevrilib.
Prezident İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə dövlət başçısı qədim diyarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, Dövlət proqramları imzalayıb. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.